2 həftə öncə

Quyunun dibindən atama yazdıqlarım

Bir gün hər kəsin həyatında Şəmsini itirmiş Mövlana,
Yusifini itirmiş Yaqub mərhələsi başlayır...

Səni xəstəxanaya aparan maşın həyətdən çıxan kimi vidalaşdım səninlə. Çünki dönüşü olmayan gedişləri çox yaxşı tanıyıram, Ata. Sən də gedirdin, dönməmək üzrə gedirdin. Gözlərimi yumdum, bütün xatirələrimizi keçirdim ağlımdan… Hamısını bir-bir yenidən yaşadım… Həyatda bundan gözəl bacardığım iş yoxdur, Ata. Xatirələrlə ovunmaq, şaxtadan qorunmaq üçün ötən günlərin istisinə sığınmaq. Sonra başımı səmaya qaldırıb nə qədər çətin olsa da gülümsədim: «Mən səni həmişə gözəl xatırlayacam, yaraşıqlı oğlan» dedim və səninlə sağollaşdım. Amma ruhunla deyil, cisminlə. Əllərinlə, baxışlarınla, mənə sevgi ilə baxan gözlərinlə, qucağınla, gülüşünlə… Mən ayrılığa gülümsəməyi çoxdan öyrənmişəm, Ata. Anamdan soruşurmuşsan ki, qızım necə belə dərin yaza bilir, sanki min ildir dünyanın kədərini daşıyır özüylə… Həə, ata. Düz bilmisən. Mən min ildir dünyanın kədərini tanıyıram, tanımasam, gedişini bu qədər sakit qarşılaya bilməzdim.
Tanıdığım hər kəs çiynimə toxunub «nə yaxşı sakitsən, kədərə yenik düşməmisən, sınmamısan» deyir. Buna da gülümsəyirəm, məgər kədərə yenik düşmək, sınmaq zahirən görünə bilir ki? İnsan yıxılanda içindən yıxılmır ki? Əgər elədirsə, hə, kədərə yenilməmişəm. Hə, Ata, ağlamadım. Sadəcə var gücümlə qışqırdım… «Ata, ata» deyə hayqırdım. Ona görə ki, artıq öyrənmişdim göz yaşları heç nəyi dəyişə bilmir. Nə qədər ağlayırsansa ağla, gedənlər qayıtmır. Amma deyilənə görə, səs dalğaları kainatın bir yerlərində əbədilik qalır, sonsuzadək. Təsəvvür edirsən, bizim bütün danışıqlarımız, sevdiklərimizi mənalandırmaq üçün, sevgimizi ifadə etmək üçün dediyimiz bütün sözlər orada — uzaqlarda yaşamına davam edir… Buna görə «Ata» deyə qışqırdım… Axı sən də ordasan, bəlkə bir gün mənim səsimlə rastlaşarsan, «Ata» deyişimi özünə götürüb mən gələnə qədər onunla ovunarsan sən də...
Heç nə dəyişməyib sən gedəndən… Həyat təxmin etdiyin kimi öz qaydasıyla davam edir. Bu il də yaz gəlib, çiçəklər açılıb, quşlar heç nə olmamış kimi uçur, ağaclar da yerini dəyişməyib. Olduqları yerdə dayanıblar. Belə də olmalı deyildi ki? İstəyirəm biləsən, mən sənin üçün hamı kimi yas saxlamıram. Rəngarəng paltarlar da geyinirəm, şən musiqilər də dinləyirəm, gülümsəyirəm də… Sadəcə, şair demiş, «dəyişən içimin əynidi». Ürəyimdə getmə ehtimalı olan bütün qatarları yola salmışam, indi boş qatar stansiyası kimi dayanmadan təkrarlayıram:

«Qatar gedir, sən gedirsən, bütün stansiya gedir...».
Sevdiyin filmlər, musiqilər, şeirlər və sənə olan heyranlığım — hamısı mən ölənə qədər ağlımda, öləndən sonra isə ruhumda qalacaq… Bir də ki, yağış bütün izləri yumurmuş, Ata...
Səsin üçün çox darıxıram… «Qızım» deməyindən ötrü… Amma kaş ki, bilsən, Ata, sənin ayrılığın da möhtəşəmdir… öyrədən, sakitləşdirən, böyüdən...
Məni böyütdün, Ata. Gedişin mənə qaranlığı və işığı göstərdi. İndi ithürən tərəfi də, işıq gələn tərəfi də yaxşı bilirəm, tanıyıram. Orada məni gözləyənləri də. Bu dünyanın süzgəci kədər imiş, sən demə. Qəlbin ağrıyanda, ruhun qanad çalmağa güc tapmayanda boylanırmışsan ətrafa… Onda görürmüşsən sənə uzanan əlləri… Onda görürmüşsən səni quyunun dibində tərk edib gedənləri və ya sadəcə durub seyr edənləri. Onda ağrıya-ağrıya gülümsəyirmişsən. Onda anlayırmışsan, Günəş qaranlıq yerləri ancaq işıqlandıra bilər, onlara işıq bağışlaya bilməz. Bax onda çəkilib, quyunun bir dibində otururmuşsan, Ata. Heç kimdən heç nə ummadan. Tanrının uzadacağı əli gözləyirmişsən… O əl ki səni heç vaxt buraxmayacaq...
Bakıya qayıdıram, Ata. Xəzəri görürəm. Mən Xəzəri sevirəm, izaholunmaz dərəcədə. Bakının bozluğundan sıxılanda Xəzərin sahilinə qaçıram, dərddaşım, sirdaşımdır o mənim. Baxıram, yenə bütün maviliyi ilə uzanıb gedir sonsuzluğa… Onu nə qədər sevdiyimi, onda nə qədər rahatlıq tapdığımı hiss edirəm. Qəfildən ətrafına çəkilmiş divarlar, hasarlar başlayır. Daha Xəzər görünmür… Heç vaxt olmamış kimi yoxa çıxır. Divarların arxasında gözdən itir. Amma bu onun olmadığı anlamına gəlmir. Həyatımın sonuna qədər bu hasarlar bitməsə də bilirəm ki, mənim sevdiyim o hasarın arxasındadır — həmişə olduğu yerdə. Bütün maviliyi və əzəməti ilə oradadır. Sevdiyimiz insanlar kimi. Bəlkə də həyatımız doğmalarımızla aramıza çəkilən hasarlar arxasında keçəcək, sevdiklərimizi bir də görməyəcəyik, amma onların həmişə var olduğu hissi ürəyimizi təsəlli edəcək… Əlbət, bir gün biz də o hasarı adlayıb doğmalarımıza qovuşacağıq… sonsuzluğa uzanan mavilik kimi...
Həsrət bu boz şəhərin küçələrində qəfildən çaxan ildırım kimi tutur adamı, Ata. İstəyirsən qaçıb bir yorğanın altında gizlənəsən və qışqırasan: «Qorxuram, çox qorxuram...».
Hər dəfə oxuduğun universitetin qarşısından keçəndə səni orada xəyal edirəm. Sonra sən də mənə qoşulursan, birlikdə gəzirik Bakının bu boz, rəngsiz küçələrini… İndi sən, Bakının hər yerindəsən, Ata. Daha cavan, daha şən, daha yaraşıqlı, daha həyat dolu. Biz indi səninlə həm də yoldaşıq, dostuq...
Bilirəm, yol gedərkən üzümə toxunan külək, əlimə düşən yarpaq, başımın üzərindən keçən bulud sənsən, Ata.

İndi daha çox mənimsən, indi daha çox mənsən, Ata...
Və həyat yenə də gözəldir… Bizim ağrılarımıza və itkilərimizə rəğmən həm də… Bizim ahımız, fəryadımız min illərdir həyatın gözəlliyinə heç bir təsir göstərmir. Göstərə bilmir. Minillərdir insanlar mahnılar oxudular, şeirlər yazdılar, savaşdılar, öldürdülər, öldülər, ağlarkən güldülər, səbəbsiz inandılar, bir şeyin olma(ma)sı üçün yalvardılar, kəşflər etdilər, sevdilər, yaşadılar, ayrıldılar, itirdilər, amma həyat yenə də bütün əzəmətiylə gözəl olmağa davam etdi… Edəcək də. Həyətimizdəki heyva ağacına baxıram. Mən bu heyva ağacının yarpaqlarını tökdüyünü də görmüşəm, qışın şaxtasında necə yalnız qaldığını da. Amma hər dəfə yenidən çiçək açıb. Və göstərib ki, yaşamaq hər şeyə rəğmən yenidən başlamaqdır. Yenidən inanmaq… Hər şeyin sadəcə bizim həyatımızdan ibarət olmadığını demək üçün. Bu gün heyva ağacının bütün itirdiyi yarpaqlarına rəğmən yenidən çiçək açaraq mənə ötürdüyü mesajı mən də bütün ağrılarıma rəğmən insanlara ötürürəm: Həyat gözəldir! Nə olur-olsun!
Yaxşıya inandıqca, ümidli olduqca, hər şeyin (sevincin də, kədərin də) sadəcə, bizim üçün var olduğunu düşünmədikcə, bizim dərdlərimizi nemət sayan insanların varlığını xatırladıqca, həyatdan küsüb bir addım belə atmaq istəmədiyimiz halda, bəzilərinin o bir addım üçün nələrdən keçə biləcəyini, bütün həyatı boyu o bir addıma həsrət yaşadığını bildikcə, ata itkisi ilə gecə-gündüz yanıb yaxılarkən dünyaya gəlmədən atalarını itirən Şəhid körpələrini unutmadıqca...

«Bu dünyada hər şey keçicidir, heç nə daimi deyil, kədər də, sevinc də» sözlərini hər gün təkrarladıqca...
dayanmadan təkrarlanan dövranın bir zərrəsi olduğumuzu bildikcə,
mərhəmətli olduqca,
təmənnasız sevdikcə,
həyatı başqaları üçün gözəlləşdirməyə davam edəcəyik.

Və həyat biz xoşbəxt olanda yox, başqalarını xoşbəxt edəndə gözəlləşir...
Paylaşdı  foto NeCi   03:00:00 0 şərhlər