7 ay öncə

Ağ göyərçin

Payız mülayim keçirdi. Hərdən göy üzü tutulur, çiskin yağış yağırdı. Qonaq otağına keçəndə qızımın eyvandakı quşa - məhəccərin üstündə sakitcə dayanan boynu və qanadlarının ucu qara olan ağ göyərçinə baxdığını gördüm. Sakitcə dedim:



-Aynabəndə yaxınlaşma, uçub gedər.



Axşamçağı ağ göyərçinin başqa bir göyərçinlə məhəccərə qonduğunu gördük. Onlar eyvandakı dəmir şkafa girdilər. Biz eyvana çıxıb onları narahat etmədik. Noyabr ayı idi. Havalar yağışlı, dumanlı keçirdi. Belə havalarda göyərçinlər dəmir şkafdan çıxmırdılar. Bu quşların gəlişi, mehriban davranışı hamımızda xoş ovqat yaratmışdı.



Qış gəldi. Seyrək qar yağdı, havalar soyudu. Ağ göyərçini eyvanda görmədiyindən qızım narahat olmuşdu. Səhər göyərçinlərdən biri uçub gedəndən sonra qızım eyvana çıxdı, ağ göyərçin dəmir şkafda çör-çöpdən düzəlmiş yuvada tərpənməz oturmuşdu. O nə görmüşdüsə,"Ata, tez bura gəl", - deyə təşvişlə məni çağırdı. Mən yaxınlaşdım, ağ göyərçini ehmalca götürdüm. Gördüyüm mənzərə qəlbimi ağrıtdı: yuvadakı ətcə göyərçin balası donub ölmüşdü. Ağ göyərçini isti otağa gətirib iri qutuya, yumşaq parçanın üstünə qoydum. Qızım onun qabağına çörək qırıntıları tökdü. Göyərçiin hərəkətsiz qalmışdı. Axşam qaranlıq çökdü. Eyvanda lampa işığında bir küncə qısılmış ikinci göyərçini götürüb ağ göyərçinin yanına gətirdim.



Bütün qışı göyərçinlər hər səhər uçub gedir, axşamlar qayıdırdılar. Onlar eyvanın məhəccərində görünəndə qapını açırdıq. Quşlar otağın döşəməsinə enən kimi sakitcə gedib “yuvalarında” dincəlirdilər.



Günlər bir-birini əvəz edirdi. Ağ göyərçin öz adi həyatını yaşayırdı. Onun kürt yatması, iki bala çıxarması ailədə hamını sevindirdi. Göyərçin balalarını bəsləyib böyütmək üçün otaqda şərait yaratdıq. Ancaq piyalədə su qoysaq da, dəni az-az verirdik. Qanadları və quyruğu boz rəngli ləkələrlə örtülmüş göyərçin balaları günü-gündən böyüyürdü. Har səhər yem dalınca gedən ağ göyərçin qayıdarkən qanadlarını açıb özünü otağın eyvana açılan şüşəli qapısına çırpır, sürüşüb aşağı düşür, yenidən bir də uçub özünü qapıya çırpırdı. Bunu görən kimi biz qapını açırdıq, ağ göyərçin də balalarının yanına uçurdu. Hər gün ana göyərçin balalarına baş çəkir, onlara dən, su verir, sonra məhəccərə qonub onu gözləyən göyərçinə qoşularaq uçub harasa gedirdi.



Bir gün işdən qayıdanda əl-üzümü yuyub balaca göyərçinlərə baş çəkmək istədim. Qonaq otağına keçəndə quruyub qaldım. Göyərçin balaları otaqda yox idi, döşəmə isə tərtəmiz silinmişdi.



- Zərifə, göyərçinlər hanı? - deyə heyrətlə həyat yoldaşımı səslədim. O, otağa gəldi, günahkar kimi yavaşdan dedi:




- Bu nə bəla idi, bilmirəm. Göyərçinlər birdən-birə öldü. Buraları da yığışdırdım ki, qız məktəbdən gələndə görməsin.



Mən donuxmuş vəziyyətdə qalmışdım. Bəs səhər erkən özünü qapıya çırpıb balalarını görmək istəyən ağ göyərçinə nə cavab verəcəyik? - deyə fikirləşdim. Bu fikir məni sıxırdı.



Qızım məktəbdən gələn kimi otağa cumdu ki, balaca göyərçinləri görsün. Otaqdan qışqıra-qışqıra mətbəxə, anasının üstünə qaçdı, hay-küy qopdu. Anası nə dedisə, qızım sakitləşdi, yanıma gəlib dedi:



-Ata, göyərçinləri dayım Bayıla aparıb. Onlara kim baxacaq?



Anasının həqiqəti gizlədərək ağlabatan yalan uydurduğunu başa düşüb dinmədim. Həyat yoldaşım kiçik yaşlarından şəkər xəstəliyinə düçar olan qızımızın həyəcan keçirməsini istəmirdi. O:



- Dayın bağçada yuva düzəldəcək, - dedi - Göyərçinlər üçün ora daha yaxşı olar.



Gecəyarısına kimi yata bilmədim. Fikrimdə götür-qoy etsəm də, göyərçin balalarının ölüm səbəbini tapa bilmədim.



Tanış bir quşbazın yanına getdim. Qoca quşbazın göyərçinləri havada cövlan edir, o da quşların uçuşuna baxırdı. Yaxınlaşıb salamlaşdım, sakitcə dayanıb gözlədim. Sonra ondan soruşdum:



- Sizcə, göyərçin balalarının ev şəraitində birdən-birə ölməsinə nə səbəb ola bilər?



Qoca quşbaz fikirləşmədən dərhal dedi:



- Papiros tüstüsü. Tüstü onun qənimidir.



Qaynımın həyat yoldaşı ilə bizə gəlməsini xatırladım. Mən papiros həvəskarı deyiləm. Hərdənbir evdə siqaret yandırıb çəkmək istəyəndə həyat yoldaşım dərhal öz etirazını bildirər, siqareti söndürməyimi xahiş edərdi: "Tüstü divarlara, örtüklərə yapışdı, söndür, sən Allah!". Tez pəncərəni açırdı ki, otağın havası təmizlənsin.



Mənim siqareti yandırmağımla söndürməyim bir olurdu. Ancaq qardaşı gələndə dərhal külqabını tapıb masanın üstünə qoyar, o da papirosunu yandırar, ara vermədən bir-birinə calayar, tüstü-duman, acı qoxu evə dolardı. Bacı qardaşına bir kəlmə söz deməzdi ki, xətrinə dəyər. Mən ona qardaşının yanında deyərdim: “Deyəsən, qardaşının papiros tüstüsü bal dadır”. Hamı bu sözümə gülərdi. O da deyərdi:



“Əlbəttə... qardaşımın qadasını alım”.


Göyərçin balaları olan otaqda qardaşının “bal tüstüsü”nün zəhərə döndüyünü həyat yoldaşım ağlına belə gətirməyib. Qoca quşbazın fikrini ona deyəndə təəccübləndi: “Aman, Allah, keç günahımızdan”, - dedi və gözləri yaşardı.



İki gün idi ki, göyərçinlər görünmürdü. Yəqin, inciyib getmişdilər. Özümü günahkar sayır, iztirab çəkirdim. Bir yerdə qərar tuta bilmirdim. Eyvana çıxdım. Birdən ağ göyərçinin məhəccərə qonması məni diksindirdi. Həyəcanla ona baxdım. Ağ göyərçin məhəccərin sağ tərəfində, sakitcə, küskün halda dayanmışdı. Sonra məhəccərin üstü ilə mənə sarı gəlib qığıldaya-qığıldaya sağ əlimin üstünü dimdikləməyə başladı. Mən məhəccərdən tutub durmuşdum, ağ göyərçinə ürəyi soyuyana qədər dərimi didməyə imkan verdim. Ağ göyərçinə təsəlli verməyə gücüm yox idi: qəhər məni boğurdu.


Ağ göyərçin uçub getdi, bir daha qayıtmadı. Onun müsibəti qəlbimdə silinməz iz buraxdı.